31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

    Bu gün, 31 Mart – Azərbaycanda rəsmi qeyd edilən anım günüdür. Azərbaycanlıların soyqırımı 200 il müddətində müxtəlif zamanlarda ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı törədilmiş qəddar silsilə siyasətdir. Ermənilər azərbaycanlılara qarşı törətdiyi iki əsr davam edən düşünülmüş şəkildə soyqırımı və genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını qəddarcasına qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdür.

    Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişdilər. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

Ermənilərin “Böyük Ermənistan” xülyası..

    1813-1828-ci illər Rusiya və İran arasında gedən iki müharibənin (1804–1813, 1826–1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813) və Türkmənçay (10 fevral 1828) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Torpaqlarımızın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.

12 oktyabr 1813-cü il.
10 fevral 1828-ci il.

    Ermənilər 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6% artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-cı illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, “Türksüz Ermənistan” planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

    1918-1920-ci illər Birinci Dünya Müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılırdı. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

    1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmışdır, 7 min nəfər (1653 qadın, 965 uşaq) qətlə yetirilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunmuş, əhaliyə qarşı yaş və cinsə məhəl qoyulmadan qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində (“Aşxadavor” (“Əməkçi”) qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

Muğan hadisələri.

    Lakin bütün bu faktlara baxmayaraq, ermənilər daim öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər.

    Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

    31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya töküldüyü gündə baş verib. Bu qanlı faciənin gözə çarpan obyektiv mənzərəsi sadəcə kökündən yıxılmaq istəyən böyük bir imperatorluğun çökməsindən ibarətdir.

    Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayırıq.

  İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n_Soyq%C4%B1r%C4%B1m%C4%B1_G%C3%BCn%C3%BC

Bir şərh yazın