Nəbi Xəzri – 99

Böyük Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev) 10 dekabr 1924-cü ildə Xırdalanda (Bakı qəzasında) tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayı Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətri bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür.

1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olmuşdur. O, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971-1974-cü illərdə isə Azərbaycan Mədəniyyət Nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Qəbrimə doğum yox, ölüm ili yox,
Qəbrimə sevdiyim illər yazılsın.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, original üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeiriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir. Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə – “Şöhrət” (17 dekabr 1995) və “İstiqlal” (10 dekabr 2004) ordenlərinə layiq görülmüşdür.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45 radələrində kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində I Fəxri Xiyabanda dəfn edilmişdir.

İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/N%C9%99bi_X%C9%99zri

Bir şərh yazın