Cəfər Cabbarlı – 89.Anım günü

Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının Xızı kəndində (hazırda rayon mərkəzidir) anadan olmuşdur. Kömürçü işləyən atası Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qəbul. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirərək bir müddət ailəsinə kömək edir. Sonralar Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də C.Cabbarlı sözügedən məktəbi bitirir.

İstək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq qüvvətli simalar
keçə bilirlər.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi əsərləri qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir. Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu. Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Oğlu Aydın 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.

Cəfər Cabbarlı ailəsi ilə birlikdə.

Cəfər Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirmişdir. “Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

Yaradıcılığının ilk dövrü

Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdur və 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. “Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olmuşdur. 1915-ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının “Qürub çağı bir yetim” şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

Sevgi bir od ki, yandırır ürəyi;
Sevgi bir göz ki, yox onun bəbəyi.

Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.

Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının Azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla, qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə “Türk ocağı”nda (Türk Dövlət Teatrı) tamaşaya qoyulmuşdur. Lakin əsər sonradan tapılmamışdır.

Bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

Yaradıcılığının ikinci dövrü

Cəfər Cabbarlı 1922-1923-cü illərdə iki dəfə həbs olunub və işgəncələrə məruz qalıb. Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi “Araz çayı” mənzum faciəsini oynamaq üçün, Cabbarlı Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən “Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!” misrasının da həmin faciədən olması güman edilir. Lakin, təəssüf ki, bu əsər tapılmadığı kimi, haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir.

1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən C.Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər, tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı “Azərbaycan ədəbiyyatının son vəziyyəti”, “Bizdə teatro”, “Azərbaycan teatr məktəbi”, 1922-ci ildə “Ədəbi mübahisələr” məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələsi irəli sürülmüşdü.

Yaradıcılığının üçüncü dövrü

Cəfər Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. C.Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir. 1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.

1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı. Cəfər Cabbarlı Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Prezidiumunun iclasının 25 aprel 1933-cü il tarixli, 32 nömrəli Protokolu ilə “Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülür.

1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi. Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü.

Bütün həyatını teatrla bağlamasına baxmayaraq, dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi. Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu.

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun, bir göy bayraq Turan üstə açılsın.

İşinə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də vəfat etdi. Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri Xiyabana yola salır.

Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb-yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki olmuşdur.

İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/C%C9%99f%C9%99r_Cabbarl%C4%B1

Bir şərh yazın