Zəlimxan Yaqub – 74

Azərbaycanın xalq şairi, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Milli Məclisin deputatı, şair Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Dünya mənim idi mən olmamışdan,
Bilirəm dünyaya mən nəyə gəldim.
Yazıldı alnıma sözün qisməti,
Sözümü zamana deməyə gəldim.

İlk şeiri 1966-cı ildə oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-da, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Mükafatları

“Məmməd Araz ədəbi mükafatı” ilə (1995), “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir. 2005-ci ildə “Azərbaycanın Xalq Şairi” fəxri adına layiq görülüb.

5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan-Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib. Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə “Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı” ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqub olmuşdur.

Fəxri üzvlükləri

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslarası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. 2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir.

Əsərləri və kitabları

“Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun”, “Od aldığım ocaqlar”, “Mən sənin qəlbinə necə yol tapım?”, “Böyük ömrün dastanı”, “Qayıdaq əvvəlki xatirələrə”, “Gözlərimin nurudur bu torpaq”, “Mən bir dağ çayıyam”, “Əbədiyyət dastanı”, “Сказы саза”, “Peyğəmbər” (poema), “Özün basdırdığın ağaca söykən”, “Mövlana” və s. adda bir çox əsər, poema, şeir və seçilmiş əsərlər kitablarının müəllifidir.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursları alıb. Hər iki böyrəyi olmayan şair ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

İSTİNADLAR

•https://az.m.wikipedia.org/wiki/Z%C9%99limxan_Yaqub

Bir şərh yazın