Mübariz İbrahimov – 36

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, anası isə Şamama İbrahimova idi. Qardaşları Bəhruz və Rəşaddan sonra ailənin üçüncü övladı və son beşiyi olan Mübarizin qeydlərinə görə, o, seyid nəslindəndir.

M.İbrahimov 1994-cü ildə Malik Piriyev adına Əliabad kənd ibtidai məktəbinə daxil olmuşdur. O, məktəbdə keçilən idman dərsləriylə kifayətlənməyib rayona gedər, 12-13 yaşlarından boksla məşğul olardı. O, Ukraynada keçiriləcək həmyaşıdları arasında boks üzrə yarışlarda iştirak etmək üçün yola düşmə ərəfəsində əli zədələndiyindən həmin yarışlarda iştirak edə bilməmişdi. O, həmçinin, dindar müsəlman idi və namaz qılırdı.

2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurmuşdur. O, bir müddət mülki işdə çalışdıqdan sonra 2009-cu ilin sentyabr ayında gizir kurslarına daxil olmuşdur, sonra Naftalanda xidmət etmişdir. Mübariz İbrahimov həmin ilin avqustunda könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün ərizə ilə müraciət etmiş, gizir kimi Tərtər rayonunda hərbi hissələrdən birində xidmət etməyə başlamışdır.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə, saat 23:30 radələrində məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, təkbaşına 1 kilometr (0.62 mil) məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir. İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşmüş və səhər saatlarında şəhidlik zirvəsinə ucalmışdır. İlkin iddiaya görə, bu döyüşdə İbrahimov 4 erməni əsgərini öldürmüş və daha 4-ü yaralamışdır. Buna baxmayaraq, o, fərqli mənbələrə görə, 45 və ya 140 erməni əsgərini öldürmüşdür.

M.İbrahimovun gecə səngəri tərk edərək düşmən üzərinə təkbaşına hücuma keçməsindən öncə yazdığı məktub..

Döyüşdən sonra Azərbaycan tərəfi M.İbrahimovun cəsədinin qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, Ermənistan hökuməti bunun ardınca öz ilkin iddiasını təkzib edərək onun cəsədinin erməni tərəfində yox, neytral zonada qaldığını bəyan etmişdir. Bununl belə, 2 avqustda Rusiya saytlarının birində Mübariz İbrahimova aid olduğu iddia edilən şəkillər yayımlanmağa başladı. Azərbaycan ictimaiyyəti bu şəkillərə emosional reaksiya vermiş, Azərbaycan Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, bu şəkilləri yaymaqla Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyib. Qurum, həmçinin, bildirmişdir ki, Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədini Ermənistandan almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi Mübariz İbrahimova aid olduğu iddia edilən şəkillərin internetdə yayılması haqqında məlumatı həm Cenevrədəki qərargaha, həm də İrəvandakı nümayəndəliyə çatdırmışdır.

4 avqustda Biləsuvarda əksəriyyəti ağdamlı olan onlarla məcburi köçkün və Birinci Qarabağ Müharibəsi veteranı Ermənistan hakimiyyətindən Mübariz İbrahimovun cəsədinin qaytarılması tələbi ilə aksiya keçirmişdir. Aksiyanı rayon sakinləri öz təşəbbüsləri ilə keçirmişdilər. İştirakçılar 15-20 yüngül avtomobil və bir böyük avtobusla hərəkət edirdilər, əllərində Azərbaycan bayraqları, İbrahimovun fotoşəkilləri və üzərində “Hamımız Mübarizik!” yazılmış plakatlar qaldırmışdılar.

27 oktyabr 2010-cu ildə Rusiyanın Həştərxan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində birgə bəyannamə imzalanmışdır. Bu bəyannaməyə görə, hərbi əsirlər dəyişdirilməli, ölənlərin cəsədləri isə ləngimədən qarşı tərəfə verilməli idi. Sənədin icrasına 4 noyabrda başlanılmışdır.

Mübariz İbrahimov və 4 sentyabrda Tərtər rayonu istiqamətində Ermənistan hərbçiləri ilə döyüşdə şəhidlik zirvəsinə ucalmış baş leytenant Fərid Əhmədovun cəsədləri 6 noyabrda Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, Dağlıq Qarabağ təmas xəttində, neytral zonada Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu prosesdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri də iştirak etmişdir. Eyni zamanda, Azərbaycan tərəfi cəbhə bölgəsində ölmüş, keçmiş Ağdərə rayonu Suqovuşan kənd sakini, 86 yaşlı Qavruşa Arustamyanın cəsədini Ermənistan tərəfinə qaytarmışdır.

M.İbrahimov və F.Əhmədov 7 noyabrda Bakıda yerləşən İkinci Fəxri Xiyabanda təntənəli şəkildə dəfn edilmişdir. Dəfn mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iki şəhidin xatirəsini ehtiramla yad etmiş və Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli ilə bağlı təhdidlərini təkrarlamışdır. Onun sözlərinə görə, “Azərbaycan hər an hərbi yolla ölkənin ərazi bütövlüyünü bərpa edə bilər”. O, həmçinin, burada Ermənistanı “tarixi Azərbaycan torpaqları” adlandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycan “Milli Qəhrəmanı” adı verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Milli Qəhrəman adı Mübariz İbrahimova “Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə” verilmişdir. Bundan başqa, İ.Əliyev M.İbrahimovun xatirəsini əbədiləşdirmək üçün imzaladığı sərəncamda qeyd edilmişdir: “Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin; Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin”. 15 iyun 2011-ci ildə onun adını daşıyan məktəbin qarşısında Azərbaycan Mərkəzi Bankının sponsorluğu ilə Mübariz İbrahimovun 4 metrlik qranit heykəlinin açılışı olmuşdur. M.İbrahimov 2010-cu ildə ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda “İlin adamı” seçilmişdir. Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov tankerlərindən birinə Mübariz İbrahimovun adını vermişdir. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulmuşdur. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə İbrahimovun adı verilmişdir. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində onun heykəli ucaldılmışdır.

2010-cu ilin sentyabrında Bakıda Mübariz İbrahimovun həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir. Həmçinin, “Era” kinostudiyası ona aid “Mübariz” filmini çəkmişdir. M.İbrahimov haqqında Mustafa Çəmənlinin “Mübariz” romanı, Elxan Elatlının “Qisas gecəsi” romanı, Maarif Köçkünün “Mübariz cəsarəti” poeması, Baxşeyiş Abbasoğlunun “Ölüm son deyil və yaxud əbədiyyət nəğməsi” romanı, Çingiz Qacarın “Turan bahaduru” və Zaur Ustacın “Oriyentir ulduzu” əsərləri aiddir. Həmçinin, 28 dekabr 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Mübariz İbrahimovun həyatından bəhs edən “Turan mübarizi” kitabının təqdimat mərasimi keçirilmişdir. Rasət Pirisoyu Mübariz İbrahimova həsr edilmiş ağı yazmışdır. 2022-ci ildə “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi tərəfindən Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyədə Mübariz İbrahimov haqqında animasiya filmi hazırlanmışdır.

İkinci Qarabağ Müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/M%C3%BCbariz_%C4%B0brahimov

Bir şərh yazın