Bayraqdar Natiq Qasımovun 53-cü doğum günü

1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, «Kosmos» kinoteatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini qazanır.

Xocalıda törədilən hadisələr Natiqə dərindən təsir edir.

Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm».


1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan məktəb direktoru işləmiş Cəfər Cəfərovu çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Cəfər müəllimin xatirələrindən:

«Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik».

Komandirə söz vermişəm!

Cəfər müəllim kilsəyə ehtiyatla çatdıqda Xocalıdan əsir düşdüyünü, onlarla danışmaq istədiyini bildirmişdir. Natiqi gördükdə yanına yaxınlaşdı, yaralı olub-olmadığını soruşduğunda yaralı olmadığını və 5 gün tək döyüşdüyünü bildirmişdir.

Niyə qaçmadığını soruşduğunda komandirə söz verdiyini, bayrağı və postu qoyub gedə bilmədiyini dedi. Kömək gözlədi, lakin kimsə gəlmədi.

«Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib».

Natiqin taleyi barədə beynəlxalq təşkilatlara da məlumat verilmir

Natiqi Əsgəranda başqa yerə qoyduqdan sonra Cəfər müəllim bir daha ondan xəbər ala bilmədi.

Erməni separatçılarına rəhbərlik etmiş şəxslərdən belə alınan müsahibələr nəticəsiz qalmış, onun barədə ermənilər tərəfindən heç bir məlumat verilmir.

Natiq Qasımova Allahdan kömək, yaxınlarına və sevdiklərinə səbir arzu edir, tezliklə onunla bağlı yeni məlumatların üzə çıxmasını diləyirik!

Bir şərh yazın