Polad Həşimov – 49

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin General-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini-Qərargah rəisi, Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası II Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı-Arzu və Kəmalə və 1 qardaşı-İlham olmuşdur. 1975-ci ilin iyul ayında-Polad Həşimov 6 aylıq körpə olarkən Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.

Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orda təhsil almışdır. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986-1988-ci illərdə orada təhsil almışdır. Polad Həşimov 8-ci sinifdə oxuyarkən riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı-M.Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir. 1992-ci ildə oradan məzun olmuşdur. Anası Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdir. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirmişdir. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul oldu və 2016-cı ildə “hərbi idarəetmə” üzrə magistr dərəcəsi almışdır.

Polad Həşimov 2003-cü ilin sentyabrında Ofeliya Salmanova ilə ailə həyatı qurmuşdur. Davud və Teymur adında 2 oğlu, Aybəniz adında isə 1 qızı var.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995-2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

Polad Həşimov 28 yaşı olanda “mayor” hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 6 il sonra isə Polad Həşimov “polkovnik-leytenant” hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq “mayor”a endirilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq, Polad Həşimov həmin mənzili “Aprel döyüşləri” zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır. P.Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini-Qərargah rəisi vəzifəsində çalışırdı.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilmişdir. Bununla da, Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur.

Tovuz döyüşləri

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid oldu. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid oldu. Polad Həşimov Azərbaycanın Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Mİ-8 N-72-nin vurulması nəticəsində şəhid olmuşdu.

İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə gətirildi. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın etmişdi. Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salındı. Axşamüstü P.Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirildi. Dəfn mərasimi bir gün sonra baş tutdu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/Polad_H%C9%99%C5%9Fimov

Bir şərh yazın