Əliağa Vahid – 129

     Azərbaycan-sovet şairi, qəzəlxanı, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (17 iyun 1943) Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İskəndərov) 17 fevral 1891-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib; Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

Deyirlər, bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır,
Vahid, sorma, vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür.

     Əliağa Vahid içki içən deyildi, ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, “Bütün günü sərxoş olan adamdır, ondan bizə nə ziyan gələcək?!”. Ə.Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

     Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir?”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

     Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilmişdir.

     Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır.

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Şair haqqında 1941-ci ildə “Qəzəlxan” filmi çəkilmişdir.

  İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/%C6%8Flia%C4%9Fa_Vahid

Bir şərh yazın