Xocalı faciəsi – 32

    Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı törədilmiş soyqırım aktıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu, qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun bariz göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti, həmçinin, şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin (MDB) ordusuna məxsus olan 366-cı motoatıcı hərbçiləri də iştirak etmişdir.

    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

    Azərbaycanda Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı 7 Azərbaycanın Milli Qəhrəmanı – Ələsgər Novruzov, Əlif Hacıyev, Allahverdi Bağırov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Azərbaycanın Milli Qəhrəmanı T.Hüseynov

     Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Türkiyə, Pakistan, Sudan kimi 30-dan çox ölkə və təşkilat tanıyır və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etmişdir. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır. Və bu qətliam Azərbaycanın ən faciəvi hadisəsi olmuşdur.

    Bədii ədəbiyyatda Xocalı soyqırımına çoxlu sayda ədəbi əsərlər həsr olunub. Xocalı soyqırımına həsr olunmuş bədii əsərlərdən Polad İlyasın “Xocalı fəryadı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanını qeyd etmək olar. Xocalı soyqırımına həsr olunmuş şeirlərdən Söhrab Tahirin “Xocalı qırğını”, Hikmət Ziyanın “Xocalı müsibəti”, Fikrət Qocanın “Hər gecə Xocalıda”, Aslan Kəmərlinin “Əldən gedir”, Zəlimxan Yaqubun “Xocalım, layla”, Əli Vəkilin “Dördlüklər”, Nurəngiz Günün “Xocalı simfoniyası: rekviyem”, Nüsrət Kəsəmənlinin “Xocalı”, Paşa Qəlbinurun “Cahad”, Rafiq Hümmətin “Şəhid nəğməsi”,  Zeynal Vəfanın “Əsgər andı” şeirlərini göstərmək olar. 2016-cı ildə İsraildə Xocalı soyqırımı ilə bağlı “AĞRI” romanı nəşr edilib. Romanın müəllifləri Əmir və Arye Qutdur.

  İSTİNADLAR:

•https://az.m.wikipedia.org/wiki/Xocal%C4%B1_soyq%C4%B1r%C4%B1m%C4%B1

Bir şərh yazın